Avstriya işğal olunmuş ərazilərimizə turist göndərməyəcək
05 MART
276

Avstriya işğal olunmuş ərazilərimizə turist göndərməyəcək

Vyanada Azərbaycanla Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 9-cu iclası keçirilib.

Fins.az  “Trend”-ə istinadən xəbər verir ki, komissiyanın iclasına nazir Ramin Quluzadə və Avstriyanın iqtisadiyyat və rəqəmsallaşdırma üzrə federal nazirin müavini Matias Çirf həmsədrlik edib.

İclasda hazırkı iqtisadi durum, ikitərəfli iqtisadi əlaqələr, qarşılıqlı olaraq investisiyaların cəlb olunması, rəqəmli texnologiyalar, o cümlədən ətraf mühit texnologiyaları, enerji səmərəliliyi, kənd təsərrüfatı, maliyyə, standartlaşma, gənclər, eləcə də digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qarışıq Komissiyanın iclasında çıxış edən nazir R.Quluzadə bildirib ki, Azərbaycanla Avstriya arasında münasibətlər dinamik şəkildə inkişaf edir. R.Quluzadə dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında dostluq münasibətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Nazir qeyd edib ki, bu əməkdaşlıq Avstriya ilə Azərbaycanı etibarlı tərəfdaşa çevirib.

Bildirilib ki, ötən il ikitərəfli ticarət həcmində artım müşahidə olunsa da, mövcud dövriyyə iki dövlətin iqtisadi potensialına cavab vermir.

Toplantıda iştirak edən Avstriya şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirməyə maraq göstəriblər və bu ilin may ayında Bakı şəhərində iki ölkənin özəl sektor nümayəndələrinin iştirakı ilə biznes-forumun təşkil olunması qərara alınıb.

İclasın sonunda imzalanan protokolda iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Sənədə əsasən, iki ölkə arasında əlaqələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn fundamental norma və prinsipləri əsasında qurulması, fiziki və hüquqi şəxslərin bu norma və prinsiplərə əsaslanmaqla fəaliyyət göstərməsi təmin ediləcək.

Azərbaycan tərəfinin xahişi ilə Avstriya turizm şirkətlərinin işğal edilmiş ərazilərə qeyri-qanuni səfərlər təşkil etməsinin qarşısının alınması məsələsi də Protokolla təsbit edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır