118 manata Londona necə getdim? - Azər İsmayıl YAZIR
01 MAY
1351

118 manata Londona necə getdim? - Azər İsmayıl YAZIR

Londonu nəinki Britaniyanın, hətta Avropanın da paytaxtı adlandırardım. Gözəl, təmiz, səliqəli və multikultural şəhərdir. Sözüm onda yox.

WizzAir gözlənildiyi kimi Kutaisidən (Gürcüstan) Londona (Luton aeroportu) birbaşa reyslərə başladı. Beş saat on dəqiqə çəkən bu uçuş WizzAirin ən uzun müddətli birbaşa uçuşudur. İlk uçuşda mən də iştirak elədim və qərara gəldim ki, xərclər haqqında məlumatı sizinlə bölüşüm.

KUTAİSİYƏ QƏDƏR

Uçuş 18 iyun saat 15:55-də idi. Amma mən dedim bir gün tez gedim Tiflisdə də gəzişim. Tiflisə qatarla getdim, plaskart kateqoriyalı biletin qiyməti 22 manat idi. Gecələmək üçün airbnb.com saytından ev bronladım, 19 dollar (32 AZN). Evin linki budur:  https://www.airbnb.com/rooms/13454409 . 

Çox bəyəndim bu evi, Rustaveli küçəsindən 2 dəqiqəlik məsafədə idi. Tiflisdən Kutaisi aeroportuna getməyin bir neçə yolu var. Daha ucuz yolu Didube metro stansiyasında yerləşən regional avtovağzaldan Kutaisi şəhərinə getmək (adambaşı 10 Lari = 7 AZN) və Kutaisi şəhərinin avtovağzalından aeroporta germəkdir (adambaşı 2 Lari = 1.4 AZN).

AVİABİLET VƏ UÇUŞ

Gediş-dönüş aviabiletini 167 Lari = 118 AZN-ə almışdım. Gedəndə təyyarə gecikmədi, amma qayıdanda 2 saat gecikdi. Təyyarə çox təmiz və səliqəli idi. Hosteslərin əksəriyyəti gürcü idi və gülərüz idilər (!) )))

Gedəndə Lutonda passport controlda 2 saat növbədə durduq. Vəziyyət o hala gəldi ki, aeroport işçiləri su paylamağa başladılar. Səfərlərinizdə bunu nəzərə alın. Bir də onu qeyd edim ki, Britaniya aeroportlarından harasa uçanda passport control olmur. Yəni ki, pasporta möhür (peçat) vurulmur.

LUTONDAN LONDONA

Luton aeroportu mərkəzdən 58 km aralıdır. Lutondan mərkəzə avtobus (easybus.com və nationalexpress.com) və qatarla (www.thameslinkrailway.com) gedə bilərsiniz. Avtobusla 1 saat 40 dəqiqəyə, qatarla isə 40 dəqiqəyə mərkəzə çatmaq olar. Mən gedəndə qatarla (10 GBP = 22 AZN), qayıdanda isə easybusla  (6 GBP = 13 AZN) gəldim. Qatar stansiyasına (Luton Airport Parkway) getmək üçün aeroportdan 2.5 GBP ödəyib avtobusla 7-8 dəqiqə yol gedirsiniz.

GECƏLƏMƏK

Gecələmək üçün yenə də airbnb.com saytında istifadə elədim və Canada Water metrosundan 7-8 dəqiqəlik məsafədə olan bir evdə otaq kirayələdim. 4 gecə üçün 137 dollar = 234 AZN ödədim. Evin linki: https://www.airbnb.com/rooms/14279332 .

VİZA

Britaniya vizası çətin alınan vizalardan biridir, ən ucuz variantı qiyməti 200 manata yaxındır. Sənəd siyahısı şengen ilə eynidir, 6 aylıq multi giriş-çıxışlı verilir.

QİDALANMA

London dünyanın ən bahalı şəhərlərindən biridir. Xidmət bahadır, amma marketlər (Lidl, Tesco) əlverişlidir. Hazır yeməklər çoxdur və müxtəlifdir. Yəni ac qalmaq olmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır