Türk Hava Yolları uçuş istiqamətlərini artıracaq
22 MAY
383

Türk Hava Yolları uçuş istiqamətlərini artıracaq

Türk Hava Yolları (THY) Üçüncü İstanbul Hava Limanının istifadəyə verilməsi ilə uçuş istiqamətlərini artıracaq.

Turizm.fins.az xəbər verir ki, bu məlumat “Türk Hava Yolları” aviaşirkətinin təşkilatçılığı ilə Azərbaycanın media nümayəndələrinin İstanbula təşkil olunan press-turunda verilib.

Press-tur zamanı jurnalistlər “Türk Hava Yolları”nın baş ofisində, “Türk Hava Yolları” Aviasiya Akademiyasında və İstanbulun tarixi yerlərində olublar.

İlk olaraq “Türk Hava Yolları”nın Aviasiya Akademiyası ziyarət edilib. Bu akademiyada hər il 25 minə yaxın tələbə təhsil alır, distant təhsil vasitəsilə təhsil alanların sayı isə 230 mindir. Akademiyada təkcə Türkiyənin hava yolları şirkətləri üçün deyil, eyni zamanda, dünya üzrə hava yolları şirkətləri, karqo şirkətləri, turizm agentlikləri, universitet nümayəndələri üçün təlimlər keçirilir. Burada real təyyarə simulyatorlarında yeni və professional pilotlar mütəmadi olaraq uçuşa hazırlıq məqsədilə təcrübə keçir. Təcrübə uçuşlarından uğurla keçə bilməyən pilotlara təyyarələri idarə etmək həvalə edilmir. Uçuş heyətinin üzvlüyünə namizəd olanlara mütləq şəkildə akademiyada praktiki təlimlər keçirilir. Hətta THY-nin pilotu vəzifəsində çalışanlar belə hər 6 aydan bir mütləq bu təlimlərdən keçməlidirlər. Əks halda onlar təyyarənin sükan arxasına buraxılmır.

Daha sonra THY-nin baş ofisində şirkətin Şərqi Avropa və Balkanlarda satış üzrə rəhbər müavini Emre Menevşe ilə görüş zamanı THY-nin inkişaf tarixi və gələcək fəaliyyəti haqda təqdimat keçirilib.

E.Menevşe bildirib ki, Türkiyə aviasiya sahəsində davamlı inkişaf edir. Belə ki, 2003-cü ildə Türkiyədə 162 təyyarə, 26 aeroport mövcud olduğu və 30 milyon sərnişin daşındığı halda, ötən il bu rəqəm 517 təyyarə, 55 aeroporta çatıb və il ərzində 138 milyon sərnişin daşınıb. Türkiyə 2003-cü ildə aviasiya sahəsindən 3,1 milyard türk lirəsi gəlir əldə edib və 2016-cı ildə gəlirləri 70,2 milyard türk lirəsinə çatdırılıb.

Dünyada aviasiya sahəsində baş verən artımla Türkiyədə baş verən artımı müqayisə edən satış təmsilçisi qeyd edib ki, 1995-2015-ci illərə nəzər salsaq, bu zaman dünyada sərnişin daşınmasında 20 ildə 2,6 dəfə artım olduğunu, Türkiyədə isə 6,7 dəfə artım baş verdiyini görərik. 2017-ci ildən 2023-cü ilə qədər olan proqnozlara görə isə dünyada sərnişindaşımada artımın 1,1 dəfə olacağı, Türkiyədə isə bu artımın 1,7 dəfəyə çatacağı gözlənilir.

Onun sözlərinə görə, THY hazırda dünyanın 121 ölkəsinə, 302 şəhərə, 305 istiqamətdə uçuşlar həyata keçirir: “Bu il oktyabr ayının 29-da dünyanın ən böyük hava limanı olan üçüncü İstanbul Hava Limanı istifadəyə veriləcək. İlkin mərhələdə aeroport ildə 90 milyon sərnişinə xidmət edəcək. Hava limanının 76,5 kvadratkilometr sahəsi, 6 uçuş-enmə zolağı, 4 terminalı və ildə 200 milyon sərnişinə xidmət etmək imkanı olacaq. Hazırda aeroportda işlərin 85 faizi yekunlaşıb. Hava limanının istifadəyə verilməsi ilə Türk Hava Yollarının da bazasındakı təyyarə sayı və uçuş istiqamətləri artacaq”.

Şirkət rəsmisi bildirib ki, Böyük Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsini qiymətləndirmək sahəsində ən tanınmış konsaltinq şirkəti olan “Skytrax” THY-ni dəfələrlə “Avropanın ən yaxşı hava yolu şirkəti” elan edib. Bundan başqa, şirkət müxtəlif vaxtlarda “Ən yaxşı biznes-klass sərnişin salonu”, “Ən yaxşı biznes-klass sərnişin yeməyi” nominasiyalarına da layiq görülüb.

Daha sonra press-turun növbəti günü İstanbulun tarixi yerlərinə səfər edilib. Qərblə Şərq mədəniyyətini özündə təcəssüm etdirən İstanbul şəhərində ilk olaraq “Aya-Sofiya” ziyarət olunub. Bizans memarlığının dünyaca məşhur abidəsi, keçmiş kilsə, sonralar məscid olmuş bu məbəd hazırda muzeydir.

Növbəti ziyarət yeri Bazilika sisterni olub. Bura Bizans dövründə ən iri və yaxşı saxlanmış yeraltı su anbarıdır. Sisterndə içməli su ehtiyatı saxlanılır və quraqlıq, yaxud şəhərin mühasirəsi zamanı ondan istifadə edilib. İçməli su buraya su xətti və şəhərdən 19 kilometr şimalda yerləşən Belqrad meşəsi çeşmələrindən akveduklarla çatdırılıb. Sisternin tağlı tavanını 336 sütun saxlayır, onlardan ikisinin özülündə Meduza Qorqonanın başı əks olunub. Başlardan biri üzü aşağıdır, digəri yana çevrilib. Hazırda Bazilika sisternləri muzey funksiyası daşıyır və onun qaranlıq sularında kök karp balıqları üzür. Məkanın mistik atmosferini dinamiklərdən yayılan uyğun musiqi gücləndirir və burada da turistlər möhtəşəm tarixi məkanın zövqünü yaşamaq üçün toplaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır