Azərbaycana gələn turistlərin sayı 13%-dən çox artıb
23 MAY
379

Azərbaycana gələn turistlərin sayı 13%-dən çox artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana dünyanın 182 ölkəsindən 847,6 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 13,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Turizm.fins.az bu barədə Dövlət Sərhəd Xidmətə istinadən xəbər verir. 

Gələnlərin 28,3%-i Rusiya, 21,9%-i Gürcüstan, 13,4%-i İran, 11,3%-i Türkiyə, 4,6%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2%-i Ukrayna, 1,9%-i İraq, 16,5%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,8%-ni kişilər, 33,2%-ni isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 22%-i yanvar, 19,6%-i fevral, 32,7%-i mart, 25,7%-i isə aprel ayında ölkəyə gəlib.

4 ay ərzində Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə Azərbaycana gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,0 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 1,6 dəfə, BƏƏ vətəndaşlarının sayı 1,2 dəfə artıb. İrandan gələnlərin sayında 5,4% azalma müşahidə edilib. Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 12,4% artaraq 32 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,4% artaraq 284,9 min nəfər olub.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 60,6%-i dəmir yolu və avtomobil, 38,6%-i hava, 0,8 %-i isə su nəqliyyatından istifadə edib.

Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 1 289 min nəfər olub. Ölkə vətəndaşlarının 31,3%-i Gürcüstana, 27,7%-i İrana, 21,9%-i Rusiyaya, 12,2%-i Türkiyəyə, 1,7%-i Ukraynaya, 1,4 %-i BƏƏ-yə, 3,8%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 68,4%-i kişilər, 31,6%-i isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 11,6% artıb, Türkiyəyə gedənlərin sayı 16,1%, Gürcüstana gedənlərin sayı 3,6%, Rusiyaya gedənlərin sayı 1,1% azalıb.

Yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 80,0%-i dəmir yolu və avtomobil, 19,1%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır