Qətər təyyarəsi Bakıda məcburi eniş etdi
29 MAY
403

Qətər təyyarəsi Bakıda məcburi eniş etdi

“Qatar Airways” aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin ikinci mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə saat 11:29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib. 

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Göyərtəsində 137 nəfərin olduğu “Airbus A330” təyyarəsi Dohadan Tunisə aviareys həyata keçirirmiş.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb.

Təyyarə Bakı vaxtı ilə saat 12:16-da uğurlu eniş edib, xəsarət alan yoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportu “Qatar Airways” aviaşirkətinin sifarişi ilə sərnişinlərə və ekipaj üzvlərinə bütün lazımi yardımı, eləcə də, hava gəmisinə lazımi texniki dəstəyi göstərməyə hazırdır.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunub. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır