AZAL Bakı-Cenevrə marşrutu üzrə ilk reysi həyata keçirdi
31 OKTYABR
245

AZAL Bakı-Cenevrə marşrutu üzrə ilk reysi həyata keçirdi

“Azərbaycan Hava Yolları” (AZAL) birgə çarter proqramı çərçivəsində Bakı-Cenevrə marşrutu üzrə ilk uçuşunu həyata keçirib. 

Turizm.fins.az İsveçrədən xəbər verir ki, bu dəqiqələrdə Cenevrə hava limanında Cenevrədən Bakıya birbaşa aviareysin açılması münasibəti ilə mərasim keçirilir.

Mərasimdə Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova çıxış edib. O qeyd edib ki, bu aviareysin açılması ikitərəfli əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaq, habelə Azərbaycanın İsveçrədəki maraqlarına xidmət edəcək.  

Səfir bildirib ki, bir müddət öncə İsveçrənin Turizm Agentliyi ilə Azərbaycan Turizm Agentliyi arasında saziş imzalanıb:

“Sazişə əsasən hər iki ölkənin şəhərlərinə turist axınının cəlb olunması nəzərdə tutulur. Bu gün açılan çarter reysi də turistlərin cəlb edilməsi üçün bir vasitədir".

O qeyd edib ki, bu çarter reysləri biznes əlaqələrinin inkişafına da öz töhfəsini verəcək. 

İsveçrənin Azərbaycandakı səfirinin müavini Simone Haeberli isə bildirib ki, Azərbaycanda turizm yüksək templə inkişaf edir və bu aviareysin açılması buna əlavə təkan verəcək. Onun sözlərinə görə, aviareys yüksək komfortlu təyyarə ilə həyata keçirilib və indi 4,5 saata Cenevrədən Bakıya və geriyə qayıtmaq olar.

Öz növbəsində AZAL Aviasərnişin şirkətinin direktoru Cəmil Manizadəbildirib ki, AZAL-ın reyslərinin sayının artırılması istiqamətində yürüdülən siyasət davam etdiriləcək. O qeyd edib ki, AZAL sərnişinlərə Cenevrədən Bakıya və geriyə birbaşa aviareys təqdim etməkdən məmnundur.

 

Qeyd edək ki, AZAL-ın “J2-5009/J2-5010” reysləri həftədə iki dəfə, çərşənbə axşamı və cümə günləri, “Airbus – 319” markalı sərnişin təyyarəsi ilə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-dən həyata keçiriləcək. 

Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.

Aviabiletlərin alınması məsələlərinə dair ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələrinə müraciət etmək lazımdır

(+99412) 598-88-80 (Azərbaycandan olan zənglər üçün qısa nömrələr: *8880)

E-mail: [email protected]

WhatsApp:  (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər qəbul edilir)

©Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır