Qubada kənd evində dincəlmək neçəyə başa gəlir? - Araşdırma
31 OKTYABR
321

Qubada kənd evində dincəlmək neçəyə başa gəlir? - Araşdırma

Son illər Qubaya gələn turistlər arasında kənd turizminə üstünlük verənlərin sayı artıb.

Turizm.fins.az xəbər verir ki, turistlər daha çox Quba-Xınalıq və Quba-Afurca turizm marşrutu üzrə səyahət edirlər.

Populyarlığına görə ikinci olan Quba-Afurca marşrutunu qonaqlar üçün cəlbedici edən Səbətlər, Təngəaltı, Afurca kimi dağ kəndlərinin füsunkar təbiəti və Qubanın təbiət gözəli - Afurca şəlaləsidir. Regiona gələn turistlərin əksəriyyəti Təngəaltıda hündürlüyü 75 metrə çatan və qayalardan axıb tökülən möcüzəli Afurca şəlaləsinə böyük maraq göstərirlər.

Kəndlərə gələn turistlərin sayının çoxalması yerli əhalinin qazanc əldə etmək imkanlarını da artırır. Bu kəndlərdə evlərini turistlərə kirayə verən xeyli sayda sakin var.

Təngəaltı kəndində turistlər üçün nəzərdə tutulan xüsusi həyət evində bir gün qalmaq üçün 40 manat ödəmək lazımdır. Daha geniş və ikimərtəbəli həyət evləri isə 100 manata təklif olunur. Bu cür evlər sürətli internetlə də təmin olunub. Belə evlərdə otellərə uyğun şərait yaradılır.

Kəndlərdə turistlərə öz avtomobili ilə bələdçilik edən sakinlər də var. Məsələn, 20 manat ödəməklə kənddən Afurca şəlaləsinə ətraf ərazi haqqında maraqlı məlumatlara sahib yerli bələdçi ilə səyahət etmək olar.

Təngəaltı sakini Əzizəddin Allahverdiyev bildirir ki, kənddə bir dəfə olan turist növbəti ildə də mütləq gəlir. Turistlər xüsusilə yerli əhalinin qonaqpərvərliyindən razı qalırlar.

Quba Turizm İnformasiya Mərkəzində rayonun dağlıq yaşayış məntəqələrində evlərini kirayə verən 50-yə yaxın kənd sakini qeydiyyatdadır. Mərkəzə olunan müraciətlər bu sakinlərə yönləndirilir və evin qiyməti 20-100 manat arasında dəyişir. Bu evlərdə qiymətə yemək də daxildir. Turistlər mərkəzə daha çox Xınalıq və Afurca kəndlərində ev kirayələmək üçün müraciət edirlər.

Kənd sakinləri Quba Turizm İnformasiya Mərkəzi ilə yanaşı, Bakı şəhərində fəaliyyət göstərən turizm agentlikləri ilə də qarşılıqlı əməkdaşlıq edirlər. Onlar arasında bir sıra xarici turizm saytlarında evini turistlərə kirayə verməsi barədə elanlar yerləşdirənlər də var.

Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, Quba Turizm İnformasiya Mərkəzində “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi də təqdim olunur.

Hazırda rayonda 6 istiqamət üzrə (Quba-Afurca, Quba-Xınalıq, Quba-Xanəgah, Quba-Ləzə, Quba-Alıc və yeni açılan Quba-Tüləkəran) turizm marşrutları mövcuddur.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır