Azərbaycandan Gürcüstana səfər edənlərin sayı açıqlanıb
07 NOYABR
140

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı açıqlanıb

Azərbaycandan ötən ay Gürcüstana 110 955 nəfər səfər edib.

Turizm.fins.az xəbər verir ki, bunu Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycandan Gürcüstana səfər edənlərin sayında illik müqayisədə 4,7% artım qeydə alınıb. Bu ilin yanvar-oktyabr aylarında isə Azərbaycandan qonşu ölkəyə səfər edənlərin sayı 1 205 802 nəfər təşkil edib. Bu da ötən ilin eyni göstəricisindən 10,3% çoxdur.

İlin ilk 10 ayı ərzində qonşu ölkəyə səfər edənlərin sayı baxımından Azərbaycan Rusiyadan (1 249 072 nəfər) sonra ikinci yeri tutub. Üçüncü yerdə isə 1 063 389 nəfərlə Ermənistan qərarlaşıb. 

Oktyabr ayında Gürcüstana ümumilikdə, 719 140 nəfər əcnəbi ziyarətçi səfər edib ki, bu da illik müqayisədə 9% çoxdur. Səfər edənlərin 407 221 nəfərini turistlər təşkil edib.

İlin ilk 10 ayında isə qonşu ölkəyə ümumilikdə, 7 507 517 nəfər əcnəbi baş çəkib. İllik müqayisədə bu göstərici 11% çoxdur. Ziyarətçilərin 4 719 323 nəfəri turist olub.

G.Çoqovadze həmçinin deyib ki, bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın turizmdən əldə etdiyi gəlir 2,571mlrd. dollar təşkil edib. Bu məbləğ ötən ilin analoji göstəricisindən 20,5% yaxud 438 mln. dollar çoxdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır