“Türk Hava Yolları” ilin sonunadək bütün aviareysləri İstanbulun yeni aeroportuna keçirəcək
08 NOYABR
410

“Türk Hava Yolları” ilin sonunadək bütün aviareysləri İstanbulun yeni aeroportuna keçirəcək

“Türk Hava Yolları” İstanbul Yeni Hava Limanının açılışı ilə türk aviasiyasının yeni erasına qədəm qoyur.

“Türk Hava Yolları”ndan verilən məlumata görə, dünyanın ən böyük beynəlxalq hava qovşağı Türkiyənin milli aviaşirkətinə ev sahibliyi edəcək və İstanbulu aviasiya və səyahət mərkəzinə çevirəcək. Şərq və Qərbin kəsişməsindəki strateji mövqeyi sayəsində bu “ağıllı” hava limanı “Türk Hava Yolları” və qlobal aviasiya sənayesinin inkişafı üçün böyük potensiala malikdir və tam hazır olduqdan sonra hər il 200 milyon sərnişini qarşılayacaq.

Türkiyənin Prezidenti Rəcəp Tayyib Ərdoğan tərəfindən rəsmi şəkildə açılışı baş tutmuş İstanbul Yeni Hava Limanı Türkiyə Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə “İstanbul Hava Limanı” adlandırılıb. 29 oktyabr tarixində rəsmi açılış mərasiminin ardınca “Türk Hava Yolları” yeni aeroportdan məhdud sayda yerli və beynəlxalq uçuşlar həyata keçirir, digər bütün uçuşlar isə öncədən təyin olunmuş cədvələ əsasən həmişəki qaydada İstanbul Atatürk Hava Llimanından yerinə yetirilir. 30 dekabr tarixinədək İstanbul Hava Limanından əlavə uçuşlar yalnız Ankara, İzmir, Antalya, Bakı və Şimali Kipr Türk Respublikasına (Ercan) nəzərdə tutulub. Mövcud plana əsasən, artıq dekabrın 31-dən etibarən İstanbul Atatürk Hava Limanından olan bütün uçuşlar İstanbul Yeni Hava Limanına köçürüləcək.

Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən aviaşirkət olaraq “Türk Hava Yolları” öz şəbəkəsini genişləndirmək, yeni istiqamətlər üzrə uçuşlar yerinə yetirmək və daha çox sərbəst vaxtla həm sərnişin, həm də yük nəqliyyatını artırma imkanı əldə edəcək. Ən son texnologiya və innovasiyaların tətbiqi ilə ərsəyə gətirilən yeni terminal sayəsində sərnişinlər yeni səyahət təəssüratları əldə edəcək.

Dörd mərhələdən ibarət meqalayihənin 2028-ci ildə tamamlanması gözlənilir. Ümumilikdə, kompleks 76,5 km2 ərazini əhatə edəcək, altı uçuş-enmə zolağı, dörd terminal və 233 hava gəmisi üçün parkinq yeri və 225 min işçi ilə hər il 200 milyon sərnişinə xidmət göstərəcək. Son mərhələ başa çatdıqda ən böyük beynəlxalq hava qovşağı özündə ofislər, yaşayış binaları, hotellər, tibb mərkəzi, mədəniyyət və incəsənət binaları, ticarət mərkəzi, dizayner butikləri, sərgi-konqress mərkəzi, iclas və təlim mərkəzlərini də birləşdirəcək.

“Türk Hava Yolları”nın İcraiyyə Komitəsinin və İdarə Heyətinin sədri İlker Aycı açılış mərasimində bildirib: «”Türk Hava Yolları”nın gələcək inkişaf strategiyasında milli aviadaşıyıcımızın yeni qovşağı çox mühüm rol oynayır və eləcə də, lokal və beynəlxalq sərnişinlərimizə qayğısız səyahət təcrübəsi verəcək».

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır