Səyahət sığortası etdirməyə dəyərmi? - ŞƏRH
20 NOYABR
187

Səyahət sığortası etdirməyə dəyərmi? - ŞƏRH

Xaricə səfərə hazırlaşırsınız? Belə olan halda ilk iş sığorta olunmaqdır. Və əgər uzun müddətə  turist kimi səfərə çıxmağa hazırlaşırsınızsa, bu, xüsusilə vacibdir.

Avropa İttifaqı ölkələrinə, ABŞ və Kanadaya səfər edərkən səyahət sığortası etdirmək mütləqdir. Digər hallarda isə turistlər sığortadan imtina edərək, öz istirahətlərini və səhhətlərini təhlükə altına atırlar. Xaricdə tibbi xidmətlər çox bahadır. Məsələn, adicə yaranı yudurtmaq və ya təcili tibbi yardım çağırmaq üçün xeyli pul ödəmək lazım gəlir.

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırovun dediyinə görə, turizm firmalarından səyahət paketi alan Azərbaycan vətəndaşları səyahət sığortası tələb etməlidirlər. 

“Azərbaycan qanunvericiliyinə əsasən, səyahət sığortası məcburi deyil. Bu, müştərinin öz seçimidir. Hər səyahət agentliyi mütləq sığorta təklif edir, üstəlik, bu o qədər də baha deyil, bir həftəlik tur üçün cəmi 10 dollardır”

AzTA rəhbəri bildirib ki, ölkədaxili turizm paketlərində də səyahət sığortası könüllü əsaslarla həyata keçirilir.

N.Bağırovun sözlərinə görə, səyahət sığortası məcburi olsa, bu, ilk növbədə turistlərin özlərinə faydalı olar. Ekspert son zamanlar Azərbaycanda səyahət sığortası etdirənlərin sayında artım müşahidə olunduğunu qeyd edib.

“Əvvəllər bir çoxları səyahət sığortası təklifini rədd edirdi. İndi turistlərin yarısı sığortasız səyahət etmək istəmirlər. Bu, gözlənilməz xəstəlik zamanı böyük xərclərin çəkilməsinin qarşısını almaq üçün yaxşı vasitədir”,- deyə AzTA sədri bildirib.

©Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır