"Azərbaycan 5 il ərzində Qafqazın turizm mərkəzinə çevrilməlidir"
04 DEKABR
147

"Azərbaycan 5 il ərzində Qafqazın turizm mərkəzinə çevrilməlidir"

Azərbaycan yaxın 5 il ərzində Qafqazda turizm mərkəzinə çevrilməlidir. 

Bunu Azərbaycan Turizm Bürosunun icraçı direktoru, Turizm üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Florian Zenqstşmid deyib.

"Biz yaxın 5 ildə Azərbaycanı Qafqazda ən cəlbedici turizm mərkəzinə çevirməliyik", - deyə o, bu gün Bakıda Azərbaycan Hotellər Assosiasiyasının I Baş Assambleyasında bildirib.

Onun sözlərinə görə, bunun üçün assosiasiyanın bütün üzvləri səylərini birləşdirməlidir.

"Bu gün rəqabətlilik qlobal əhəmiyyət kəsb edir. Buna görə biz yalnız ayrı-ayrı ölkələrlə rəqabət aparmamalıyıq, həm də dünya səviyyəsində yüksək rəqabətliliyə doğru irəliləməliyik. Bunun üçün hotel biznesində müxtəlif xidmətlərin göstərilmə səviyyəsini təmin etmək lazımdır", - deyə F.Zenqstşmid qeyd edib. 

O, Azərbaycan Hotellər Assosiasiyasının yaradılmasının əsas məqsədlərindən birinin hotel biznesi sahəsində fəaliyyət göstərən şirkət və təşkilatların üzləşdikləri problemlərin həllində dəstək göstərilməsi olduğunu diqqətə çatdırıb.

İcraçı direktorun sözlərinə görə, yaxın illərdə agentlik Rusiya, Almaniya, BƏƏ, Hindistan, Səudiyyə Ərəbistanı və Çində nümayəndəliklər açacaq. 

"Azərbaycanın turizm potensialının təbliğində turizm sərgilərinin təşkili və bu sərgilərdə iştiraka böyük önəm verilir", - deyə F.Zenqstşmid vurğulayıb. O qeyd edib ki, 2019-cu ildə Azərbaycanın turizm şirkətləri 20-yə beynəlxalq sərgidə iştirak edəcək.

© İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır