Azərbaycan vətəndaşları birinci yeri tutub
04 YANVAR
324

Azərbaycan vətəndaşları birinci yeri tutub

2018-ci ildə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 424 610 nəfər təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulianın təqdim etdiyi illik hesabatda bildirilib.

2017-ci illə müqayisədə qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayında 123 054 nəfər və ya 9,5% artım qeydə alınıb. Bu göstərici ilə Azərbaycan 2017-ci ildə olduğu kimi Gürcüstana səfər edənlərin sayı baxımından birinci yeri qoruyub saxlayıb.

Ötən il Gürcüstana, ümumilikdə, 8 679 544 nəfər əcnəbi ziyarətçi səfər edib. Bu da illik müqayisədə bu göstərici 9,8% çoxdur: 2018-ci ildə qonşu ölkəyə səfər edən əcnəbi ziyarətçilərin 4 756 820 nəfərini turistlər təşkil edib. 2017-c ilin eyni göstəricisinə nisbətən turistlərin sayında 16,9% artım qeydə alınıb.

Azərbaycandan sonra Gürcüstana 2018-ci ildə ən çox səfər edənlər arasında ikinci yeri Rusiya (1 404 757 nəfər), üçüncü yeri isə Ermənistan (1 268 886 nəfər) vətəndaşları tutub.

Məlumata əsasən, ötən ilin yanvar-noyabr aylarında Gürcüstan turizmdən 3 mlrd. dollar gəlir əldə edib. 2017-ci ilin analoji dövrü ilə müqayisədə qonşu ölkənin gəliri 485 mln. dollar yaxud 19,3% çoxdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır