8-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək
06 MART
298

8-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək

4-6 aprel tarixlərində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisi Bakı Ekspo Mərkəzində öz qapılarını ziyarətçilərin üzünə açacaq.

Turizm.fins.az-ın məlumatına görə, hər zaman olduğu kimi, bu il də “AITF” sərgisi müxtəlif ölkələrin turizm bazarlarının nümayəndələrini, eləcə də milli və regional turizm təşkilatları və dövlət strukturlarını bir araya gətirəcək.

Turizm sahəsinin inkişafı ölkəmizin iqtisadi inkişaf kursunda aktual məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərgiyə göstərdiyi maraq bir daha turizm sektorunun inkişafının mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Ölkə başçısının sərgini hər il ziyarət etməsi turizm sahəsində işgüzar münasibətlərə və ümumilikdə, bu sahənin inkişafına əlavə təkan verir.

Bu il sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri və sanatoriyaların milli və regional təmsilçiləri öz xidmətlərini təqdim edəcəklər. Ənənəvi olaraq, Belarus, Bolqarıstan, Dominikan Respublikası, Mərakeş, Sloveniya, Tailand və Çex Respublikası milli stendlər ilə çıxış edəcəklər. Qeyd etmək lazımdır ki, əvvəlki il ilə müqayisədə, bu il Belarus və Tailand daha böyük sərgi ərazisini bron edib. Bu il sərgidə Azərbaycanın stendi də təqdim olunacaq. Bu il sərgini əlavə tədbirlər proqramı müşayiət edəcək.

Sərginin əyləncə proqramı çərçivəsində beynəlxalq rəqs festivalının təşkili planlaşdırılır. Bu maraqlı və parlaq tədbirin əsas məqsədi xarici iştirakçılara öz mədəniyyətlərini qədim incəsənət növü - rəqs vasitəsi ilə təqdim etmək üçün imkan yaratmaqdır. Festival Bakı Ekspo Mərkəzinin foyesində keçiriləcək.

2019-cu il Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin göstərişi ilə “Nəsimi ili” elan edilib və bu hadisə “AITF” sərgisi çərçivəsində də öz əksini tapacaq. Sərgi haqqında ətraflı məlumat, eləcə də elektron dəvətnamə rəsmi saytdan əldə edə bilərsiniz:www.aitf.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır