Dünyada “Boeing”dən imtina dalğası - Avropa da qoşuldu
13 MART
328

Dünyada “Boeing”dən imtina dalğası - Avropa da qoşuldu

Avropa İttifaqı və Hindistan sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə Boeing 737 Max modelindən olan təyyarələrin uçuşuna qadağa qoyub.

Bu haqda BBC məlumat verir.

“Boeing” qadağasına qoşulan ölkələrin sayı isə durmadan artır. Bu arada Qazaxıstan, Yeni Zelandiya və Fici mülki aviasiya idarələri də bir neçə saat əvvəl bu haqda müvafiq qərar çıxarıb.

Dünyanın dörd bucağında tətbiq olunan istismar qadağalarına səbəb bazar günü Efiopiyada ölkənin hava yolları şirkətinə aid 737 Max 8 təyyarəsinin qəzaya uğramasıdır. Hadisə nəticəsində 157 nəfər həyatını itirib. Bu son 5 ay ərzində bu modeldən olan təyyarə ilə əlaqədar ikinci bədbəxt hadisədir.

ABŞ rəsmiləri beynəlxalq təşvişə baxmayaraq, bu modeldən olan təyyarələrin təhlükəsiz olduğunu əmin edir.

Bununla belə ölkənin Ekipaj üzvləri assosasiyası  ABŞ Federal Aviasiya Administrasiyasından ehtiyat tədbiri olaraq “737 Max” təyyarələrinin istismarına müvəqqəti məhdudiyyət qoymasını tələb edir.

Qeyd edək ki, “737 Max” “Boeing” şirkətinin ən uğurlu model qrupuna daxildir. Qrupda Max 7, 8, 9 və 10 modelləri yer alır.

Beoing 737 Max” modeli haqda qısa arayış

“Boeing” şirkəti yanvar ayında “737 Max 8” modeli üçün 5011 sifarişdən 350-sini artıq təhvil verib. Həmçinin bir neçə “737 Max 9” dünyanın müxtəlif ölkələrində hazırda istismardadır.

“Max 7” və “Max 10” modellərinin qarşıdakı illərdə tədarükünə başlanacağı gözlənilirdi.

Təyyarənin (737 Max 8) texniki göstəricilərinə gəlincə təyyarənin kabinasından quyruq hissəsinə qədər olan uzunluğu 39,5 metr, qanadın bir ucundan o biri ucuna qədər olan məsafə isə 35.9 metr təşkil edir. 210 sərnişin oturacağı və LEAP-1B mühərriki ilə təchiz olunub. Bir uçuşa maksimum 6570 km məsafə qət edə bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır