AZANS və EUROCONTROL nümayəndələri görüşdü
14 MART
360

AZANS və EUROCONTROL nümayəndələri görüşdü

Madrid şəhərində keçirilən World ATM Congress 2019 çərçivəsində “Azəraeronaviqasiya” HHİ (AZANS) nümayəndələri və Avropa regionunun hava məkanının idarə edilməsi mərkəzinin (Network Manager Operations Centre - NMOC) direktoru Co Sultanın başçılıq etdiyi EUROCONTROL-un nümayəndə heyəti arasında görüş keçirilib.

Bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb. 

Görüşdə Eurocontrol və AZANS arasında gələcək əməkdaşlıq məsələləri, habelə Eurocontrol-un strateji tərəfdaşı və axınların planlaşdırılması zamanı əlaqələndirici qovşaq olan Azərbaycanın rolu müzakirə olunub.

AZANS və EUROCONTROL arasında sazişin imzalanmasının zəruri olduğu qeyd olunub. Həmin saziş hava hərəkətində gözlənilməz hallar baş verdiyi təqdirdə hava axınlarının planlaşdırılması zamanı regional yardım mərkəzi qismində Hava məkanından istifadənin səmərəliliyi, strategiya və inkişaf mərkəzi (ASEC) tərəfindən istifadə ediləcək.

2019-cu ilin 27-28 fevral tarixində Pakistanla Hindistan sərhədində baş verən hadisələrdən sonra Pakistan öz hava məkanını bağladığı zaman bu məsələ daha də aktual olub. Bu dövrdə hava hərəkəti axınlarının səmərəli təşkilinə zərurət xeyli dərəcədə artıb. 

World ATM Congress hava hərəkətinin təşkili sahəsində dünyada ən böyük sərgi və konfrans hesab edilir. Hər il burada təxminən 10 min nəfər iştirak edir.

“Azərbaycan Hava Yolları”nın tərkibinə daxil olan AZANS HHİ Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. AZANS hər gün 500-dən çox hava gəmisinə xidmət göstərir, onlardan 300 hava gəmisi Azərbaycan ərazisindən keçən tranzit reyslər yerinə yetirir.

EUROCONTROL 41 üzv dövlətdən və xüsusi razılaşması olan iki dövlətdən ibarət hökumətlərarası təşkilatdır. Tərəfdaşları ilə birlikdə EUROCONTROL hava hərəkətinin təşkilinin səmərəliliyini təmin edən vahid Avropa səmasını yaratmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır